“Azər-İlmə” xalçaçılıq şirkətinin nəşri olan “Azərbaycan xalçaları öz qrupları ilə” silsiləsindən növbəti nəşr - “Azərbaycan xalçaları - Təbriz qrupu” kitabçası işıq üzü görüb.    
   Nəşrdə dünya şöhrətli Təbriz xalçaları, onların xarakteristikası və ətraflı təsnifatı yer alıb. Mürəkkəb ornamentə, kompozisiya və toxunma texnologiyasına malik olan Təbriz xalçaları Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələrini özündə ehtiva edir. Böyük şöhrət qazanan Təbriz xalçaları hər zaman Avropada yaşayıb-yaradan rəssamların diqqət mərkəzində olub.
   “Təbriz qrupu” xalçaları bədii-texniki xüsusiyyətlərinə və kompozisiyalarına görə Təbriz və Ərdəbil qollarına ayrılır. Təbriz qoluna “Təbriz”, “Əfşan”, “Dörd fəsil”, “Baxşayış”, “Qərəcə”, “Görəvan”, “Heris”, “Ovçuluq”, “Ağaclı” və “Ləçəkturunc” kompozisiyaları, Ərdəbil qoluna isə “Ərdəbil”, “Şeyx Səfi”, “Şahabbası”, “Sərabi”, “Zəncan”, “Mir” və “Açma-yumma” çeşniləri daxildir.
   Kitabça Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində olmaqla altı dildə nəşr edilib. Layihənin rəhbəri professor Vidadi Muradovdur.