Şəki əsrlər boyu xalq sənətkarlığının inkişaf etdiyi bölgələrdən olub. Şəki sənətkarlığından söz düşəndə şəbəkə sənəti xüsusi qeyd olunmalıdır. El sənətkarı Hüseyn Hacımustafazadə ömrünün 25 ilini bu sənətə həsr edib.
   
   İlk əl işi - ilk uğur
   
   Müsahibim 15 yaşında Mədəniyyət Nazirliyinin Respublika Elmi-Bərpa İstehsalat İdarəsində şəbəkə ustası köməkçisi kimi fəaliyyətə başlayıb və elə o vaxtdan özünü bu sənətə həsr edib. Dediyinə görə, sərbəst olaraq ilk şəbəkəni 1990-cı ildə yaradıb: “O vaxt 17 yaşım var idi. Usta köməkçisi olaraq öyrəndiklərimi müstəqil şəkildə tətbiq etməyin zamanı çatmışdı. Birinci işim mənə çox əziz idi. 1995-ci ildə xalq sənətkarlarının respublika baxış-müsabiqəsi keçiriləndə onu müsabiqəyə təqdim etdim. Əl işim “ağac üzərində oyma” nominasiyasında birinci yerə layiq görüldü. Bu uğur mənim üçün böyük stimul oldu”.
   
   Xan sarayının iki əsr öncəki görünüşünü saxlaya bildik
   
   Hüseyn Hacımustafazadə özünü bərpaçı kimi də təsdiq edən sənətkarlardandır. 2002-2004-cü illərdə Şəki xanları sarayının bərpasında iştirak edib: “Bərpa zamanı ortaya çıxan çətinliklərdən biri rəngli şüşələrlə bağlı idi. 250 il əvvəl bu saray tikilərkən şəbəkənin hazırlanmasında istifadə olunan rəngli şüşələr Venesiyadan gətirilmişdi. Həmin şüşələrin qalınlığı cəmi bir millimetr idi. Bərpa zamanı Rusiyanın Bryansk şəhərindən gətirilmiş rəngli şüşələrdən istifadə etdik. Bu şüşələrin qalınlığı 3 millimetr olduğundan şəbəkənin xırda hissələrini hazırlayarkən onlarla işləmək çətinlik yaradırdı. Sonra Almaniyadan qalınlığı 2 millimetr olan şüşələr sifariş verdik və onlarla işlədik. Bütün çətinliklərə baxmayaraq, Xan sarayının bərpasını vaxtında və yüksək keyfiyyətlə başa çatdırdıq. Sarayın iki əsr öncəki görünüşünü saxlaya bildik. Turistlər həmin kompozisiyalara baxıb xalqımızın sənətkarlıq tarixinə qiyabi səyahət edirlər”. 

   “Kəhkəşan” beş min xırda detaldan hazırlanıb
   
   Usta Hüseyn deyir ki, şəbəkə Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayındakı pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14 min detal hissə və rəngli şüşə düşür. Bu o deməkdir ki, hissələr son dərəcə kiçikdir, bu səbəbdən onları əl ilə, barmaqla tutub yığmaq mümkün deyil, mütləq xüsusi maqqaşdan istifadə olunmalıdır. Hər bir hissənin yığımı və tam hazır vəziyyətə gətirilməsi üçün onun üzərində 10-14 əməliyyat aparmaq lazım gəlir.
   Sənətkarın özünün isə ən çox bəyəndiyi əl işi “Kəhkəşan” kompozisiyasıdır. Xalçaya bənzəyən bu əsər 3 növ şəbəkənin birləşməsindən hazırlanıb. Altı aya ərsəyə gələn bu sənət əsərində 5 minə yaxın xırda detaldan istifadə olunub. Şəbəkə ustası həmin əsərlə həvəskar rəssamların və tətbiqi sənət ustalarının paytaxtda keçirilən işlərindən ibarət respublika müsabiqəsində iştirak edib, dekorativ-tətbiqi sənət nümunələri üzrə birinci yerə layiq görülüb.
   
   Ellips formalı şəbəkə bu sənətdə yenilik olacaq
   
   Usta söhbət zamanı şəbəkənin tarixindən və bu sənətə gətirdiyi yeniliklərdən söz açır: “Yaxın və Orta Şərq dekorativ-tətbiqi sənətində bədii-konstruktiv forma olan şəbəkə Azərbaycan memarlığında IX-XII əsrlərdən tətbiq edilir. Şəbəkə sənətində həndəsi fiqurlar birbaşa rol oynayır. Şəbəkə hörmək üçün həndəsəni, riyaziyyatı və rəsmxəti də bilmək lazımdır. Kiçik səhv bütün işi korlamaq deməkdir. Əsrlər boyu şəbəkə düz lövhə şəklində hazırlanıb. 2009-cu ildə hazırladığım kürə şəkilli şəbəkə isə bu sənətdə yenidir. Dünyada bənzəri olmayan bu şəbəkə 1800 detal hissə və şüşədən quraşdırılıb. Bu əsər 2012-ci ildə TÜRKSOY tərəfindən keçirilən beynəlxalq festivalda birinci yerə layiq görülüb. İndi ellips formasında şəbəkə üzərində işləyirəm. Hələ tam hazır deyil. Şəbəkədə növbəti yeniliyin də maraqla qarşılanacağına inanıram”.
   Hüseyn Hacımustafazadə Mədəniyyət və Turizm Nazirliyinin layihələrində dəfələrlə iştirak edib. Dekorativ-tətbiqi sənət əsərləri ilə bağlı sərgilərdə, turizm sərgilərində onun əl işlərinə böyük maraq göstərilir. İndiyədək Efiopiya, Madaqaskar, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrdə təşkil olunan sərgi və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib.
   Sənətin sirlərini gənclərə də həvəslə öyrədir. Hazırda 12 şagirdi var. Deyir ki, şəbəkə çətin sənət olduğundan bəzi şagirdlər sonadək davam gətirə bilmirlər. Çətinliyi görəndə yayınır, başqa sahələrə üz tuturlar. Həddindən artıq marağı olan 1-2 nəfər sonadək dözür, bu sənətin sirlərinə yiyələnir: “İnsan özünü sevdiyi sənətə həsr etməlidir”.
   Usta Hüseyn hazırda Şəki şəhərindəki “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “Sənətkarlar evi”ndə yaradıcılıq fəaliyyətini davam etdirir. Şəkiyə gələn xarici turistlər onun əl işlərinə böyük maraq göstərir, hazırlanma prosesi ilə tanış olur, kiçik ölçülü suvenir-şəbəkələri həvəslə alırlar.
   
   Ceyhun Zərbəliyev