Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bakı Gecələri” II estrada mahnı müsabiqəsinin seçim turuna start verilir. Müsabiqədə 2009-cu ildə yazılmış musiqi nömrələrini təqdim etməklə, 20 yaşından yuxarı hər bir professional mahnı ifaçısı iştirak edə bilər.
   Qeyd edək ki, “Bakı Gecələri” II estrada mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkarlığının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafı məqsədilə keçirilir.
   Mahnıların canlı ifa olunacağı bu müsabiqədə münsiflər heyəti tərəfindən 1 Qran-pri və digər 8 nominasiyada diplomlar və mükafatlar müəyyən edilir. Bəstəkar və ifaçıların nəzərinə çatdırırıq ki, iyul ayının 15-dən etibarən öz əsərlərini müsabiqənin Təşkilat Komitəsinə təqdim edə bilərlər.