Heydər Əliyev Fondunun dəstəyilə Ağdaşda yeni istifadəyə verilən musiqi məktəbi rayon sakinlərinə ilk sürprizini təqdim edib. Yeni istifadəyə verilən İncəsənət Mərkəzi Qəbələdə keçirilən musiqi festivalının iştirakçılarına ev sahibliyi edir. 7 illik Uşaq Musiqi Məktəbi həmin təhsil ocağının yetirməsi, tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin adını daşıyır. Üçmərtəbəli binanın 50-dək sinif otağı, qazanxanası və yeməkxanası var. İncəsənət müəssisəsində yeni tədris ilindən başlayaraq 445 məktəbli fortepiano, tar, kamança, qarmon və klarnet ixtisasları üzrə təhsil alacaq. Müəssisə Heydər Əliyev Fondu hesabına müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunub. Məktəbin direktoru Mövsümə Hüseynova tədris ocağının tikintisində hər bir xırda detala belə diqqət yetirildiyini bildirib. Məhz bu səbəbdən də qonşu Qəbələ rayonunda təşkil olunan Beynəlxalq Musiqi Festivalı və piano müsabiqəsinə cəlb olunan xarici iştirakçılar almaniyalı, yaponiyalı, amerikalı və çinli musiqiçilər əvvəl gündən məşq üçün bu müəssisayə üz tutublar.