Musiqi festivalının ən çox diqqəti cəlb edən nömrəsi xalq artisti, bəstəkar Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda yazdığı, doğma Qarabağ torpağına həsr etdiyi “İntizar” operasının premyerası idi. Əsərin ilkin versiyada adı “Qarabağnamə” idi. Əsər bu adla Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə tamaşaya qoyulmuşdur.
   
   İlkin təəssürat çox müsbət olmuşdur. Məni şəxsən Firəngiz xanımın əsəri çox təəccübləndirdi. Musiqiçilərin çoxu mənimlə razılaşar ki,Firəngiz xanım operasının musiqisini gözlədiyindən də daha artıq səviyyədə tamaşaçilara təqdim edə bildi.Bu bir triumf idi.
   Səhnədə böyük simfonik orkestr, onun qarşısında dayanmış təcrübəli və son dərəcə istedadlı dirijor, arxa cərgədə isə qarışıq heyətli böyük tərkibli xor heyəti göründü. Bəli, maestro Fəxrəddin Kərimovun dirijor çubuğu ilə hərəkətə gələn orkestr və Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor Kapellası,solistləri sonadək müşayiət etməklə yanaşı, ümumi bir mənzərə yaratmış oldular.
   Opera təntənəli üvertura ilə yox, ağır kədərli, düşündürücü əhval-ruhiyyəli müqəddimə ilə başladı. Milli musiqinin müasir klassik ənənələrlə birləşməsi əsərin əsas musiqi məzmununu əhatə edirdi. Firəngiz xanımın yazdığı musiqi keçmişin opera ənənələrinə əsaslansa da, ancaq musiqi intonasiyası, forma və üslub cəhətcə müasir opera idi. Müasir texniki vasitələr, kino görüntülü səhnələrdən, işıqlanma effektlərindən istifadə olunmaqla operaya xas olan dekorativ səhnə təəssüratları yaradılmışdı. Opera janrına məxsus olan ariya, arioso, duet, trio, kvartet, xor və s. səhnələr, simfonik parçalar xüsusən də, milli musiqi alətlərimizdən tar, kamança, qanunun simfonik orkestrin tərkibinə daxil edilməsi, tütək səslərini imitasiyaedici vibrasiyalı səs effektlərindən geniş istifadə olunmuşdu. Operanı təhlil etmək bu yazının məqsədi olmadığından, bu məsələyə sonralar xüsusi olaraq qayıda da bilərik. Opera xeyirin şər üzərində qələbəsini əks etdirən təntənəli final xoru ilə tamamlanırdı. ”Yaşa” xoru zurnanın çagırış,fanfarlı sədaları altında kino görüntüsü ilə təqdim olunan “Ağ atlı oğlan”ın zəfər sonluqlu yürüşü ilə yekunlaşırdı.
   Konsert zalına olan tamaşaçı axını klassik, ciddi musiqinin xalq tərəfindən yüksək dəyərləndirilməsinin,mənasız, bayağı şou əyləncələrindən qat-qat üstün olduğunun göstəricisi idi.