Azərbaycanın gənc və istedadlı dirijoru Əyyub Quliyev Rusiya Federasiyasının Kislovodsk və Yesentuki şəhərlərində geniş konsert proqramlarında iştirak edəcək. Sentyabrın 3-4-də baş tutacaq konsertdə Əyyub Quliyev Rusiya Dövlət Akademik Simfonik Orkestri ilə birgə çıxış edəcək. Konsertin solisti Svetlana Berejnaya olacaq. Sentyabrın 6-da təşkil ediləcək növbəti konsertdə isə məşhur pianoçu Nikolay Luqanski solistlik edəcək. Proqramda Şopen və Şumanın əsərləri səslənəcək.
   Həmyerlimizin iştirakı ilə daha bir konsert proqramı isə sentyabrın 22-də Vyanada baş tutacaq. Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunacaq bu konsert Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Konsertdə dirijor Əyyub Quliyevlə yanaşı, digər sənətçilərimiz də iştirak edəcəklər.