Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq musiqi festivalı çərçivəsində tədbirin fəxri qonağı Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestri avqustun 1-də maraqlı konsert proqramı ilə çıxış edib.
   Orkestrin solistlərini amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya və Azərbaycanın tanınmış dirijoru Xalq artisti, "Şöhrət" ordenli professor Rauf Abdullayev müşayiət ediblər.
   Klassik musiqi ifaçıları məşhur bəstəkarlar Pyotr Çaykovskinin “Françeska da Rimini”, Fikrət Əmirovun “Kürd Ovşarı”, Lüdviq Bethovenin “Fortepiano və orkestr üçün 5 saylı konsert” və “Emperor” əsərlərini səsləndirmişlər.
   Avqustun 2-də London Kral Filarmonik Orkesrtinin növbəti konsertini skripkaçı, ingilis Xloe Hanslip və İstanbulda yaşayan azərbaycanlı dirijor Ramiz Məlikaslanov müşayiət ediblər. Klassik musiqi ifaçıları məşhur bəstəkar Feliks Mendelsonun “Skripka orkestri üçün konsert”, Pyotr Çaykovskinin “Kapriççio”, Nikolay Rimski-Korsakovun “Şahrəzad” əsərlərini səsləndirmişlər. Konsert maraqla qarşılanıb.
   Qeyd edək ki, Kral Filarmonik Orkestrinin konserti avqustun 5-dək hər gün olacaq.