Rusiyanın Qnesinlər adına Akademiyasında “Böyük Teatrın gənc səsləri” konserti olub. Konsertdə istedadlı həmyerlimiz, Moskva Böyük Teatrının solisti Elçin Əzizov (bariton) da çıxış edib.
   
   Böyük Teatrın solisti Oksana Lesniçayanın (soprano) da çıxış etdiyi konsertdə Çaykovski, Raxmaninov, Verdi, Motsart, Qlinka, Rimski-Korsakov və Bizenin operalarından parçalar səslənib.
   Elçin Əzizov dünya şöhrətli teatrın solisti olmuş ilk azərbaycanlıdır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, Qalina Vişnevskayanın opera ifaçılığı Mərkəzində təcrübə keçib. E.Əzizov 2005-ci ilin avqust ayında “Motsarteum” Universitetinin Yay Akademiyasına daxil olub. Bu il müğənni Qalina Vişnevskayanın opera ifaçılığı Mərkəzinin səhnəsində “Karmen” operasında Eskamilyonun partiyası ilə debüt edib.
   Böyük Teatrın istedadlı gənc solistinin repertuarına tanınmış Rusiya və Qərb bəstəkarlarının operalarından ariozo və ariyalar, Borodinin, Raxmaninovun və Çaykovskinin romansları daxildir.
   Elçin Əzizov Bülbül adına 3-cü Beynəlxalq müsabiqənin laureatıdır. Moskva Beynəlxalq Musiqi Xadimləri İttifaqının medalı, bir sıra digər musiqi mükafatları ilə təltif edilib.