Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə bəstəkarın ev-muzeyində konsert keçirilib. Nəsimi rayon 35 saylı orta məktəb kollektivinin muzey əməkdaşları ilə birgə təşkil etdiyi hesabat konsertində şagirdlər Ü.Hacıbəylinin opera və operettalarından musiqilər səsləndiriblər. Konsert proqramında bəstəkarın Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın Qara dəniz”, Süleyman Rüstəm və Səməd Vurğunun vətənpərvərlik ruhunda şeirlərinə bəstələdiyi “Yaxşı yol”, “Şəfqət bacısı” mahnıları, “Sevgili canan” mahnı-romansı və digər musiqi nömrələri ifa ediblər. Şagirdləri royalda bəstəkar Nərminə Nağıyeva müşayiət edib. Konsertdən sonra iştirakçılar muzeyin ekspozisiyasını gəzərək bəstəkarın həyat və yaradıcılığı ilə yaxından tanış olublar.