Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcı potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) çərçivəsində respublikanın regionlarında keçirilən “İstedadlı uşaqlar” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib. Müsabiqə qalibləri olan muğam, mahnı ifaçıları, aşıq musiqisi və instrumental musiqi ifaçılığı üzrə istedadlarla Kürdəmir rayonunda, bədii qiraət və təsviri sənət üzrə istedadlarla Oğuz rayonunda görüş olub.
   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun verdiyi məlumata görə, Kürdəmir rayonunda respublikamızın müxtəlif rayonundan 42 nəfərə diplom və hədiyyələr verilib: “Tədbirin məqsədi regionlarda gənc istedadların üzə çıxarılması sahəsində görülən işləri daha da canlandırmaq, yeniyetmə və gənclərə olan diqqət və qayğını artırmaqdır. Bu gün də həmin niyyətlə keçirilən tədbir maraqla qarşılandı. İstedadlı uşaqlar onlara göstərilən diqqətin bir daha şahidi oldular”.
   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun sözlərinə görə, Oğuz rayonunda 19 nəfər istedadlı uşaq diplomlar və qiymətli hədiyyələrlə təltif edilib: “Bu istedadlıların hər biri öz rayonunda keçirilmiş müsabiqənin qalibi olub. Tədbir geniş ictimaiyyət tərəfindən razılıq hissi ilə qarşılandı. Bu həm bizi, həm də müsabiqə iştirakçılarını sevindirdi”.
   Qeyd edək ki, respublikanın regionlarında hər il belə müsabiqələr keçirilir. Keçən ildən başlayaraq həmin müsabiqənin qalibləri nazirliyin diplom və hədiyyələri ilə təltif olunur.
   
   İ.Hacılı