Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi Aşıq Ədalətin yaradıcılıq gecəsi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Aşıq Ədalətin yaradıcılığından danışıb. O bildirib ki, Aşıq Ədalətin yaradıcılığına nəzər salmaq Azərbaycanın mötəbər aşıqlarını yada salmaq deməkdir.
   Z.Yaqub 22 il əvvəl Azərbaycan Dövlət Filarmoniyasında Aşıq Ədalətin 50 illik yubileyinin qeyd olunduğunu xatırladıb: “Aşıq Ədalət sazın milli çərçivələrini qırdı, sənəti müxtəlif ölkələrdə təbliğ etdi. 72 yaşlı sənətkarın bu gün bizim yanımızda olması, hər birimiz üçün böyük fəxrdir”.
   Aşıq Ədalət isə jurnalistlərə açıqlamasında yaşı 70-i keçməsinə baxmayaraq, özünü çox yaxşı hiss etdiyini deyib və yaradıcılığına olan yüksək hörmətdən razılığını dilə gətirib.
   Daha sonra yaradıcılıq gecəsi Azərbaycan aşıqlarının ifaları və təbrik nitqləri ilə davam etdirilib.