Almaniyanın Köln şəhərində yaşayan və “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün namizədliyini irəli sürən müğənni Seyran İsmayılxanov Avropa Yayım Birliyinin (EBU) Hollandiyada yerləşən “İnternational” radiosunun qonağı olub. Amsterdam şəhərindən yayımlanan beynəlxalq radionun efirində ilk dəfə Azərbaycan musiqiləri səsləndirilib.
   Radionun musiqi departamentinin rəhbəri Yurgen Boyrinqin sözlərinə görə, Seyran Avropa ölkələrində qəbul olunan performansa malik müğənni olduğu üçün radionun canlı efirinə qonaq dəvət olunub: “Seyranın mahnılarını Belçikada konsert zamanı eşidəndə, onunla maraqlandım. Mənə Almaniyada yaşayan azərbaycanlı müğənni olduğunu dedilər. İstədim ki, mənim bəyəndiyim mahnıları bütün Hollandiya da eşitsin. Buna görə də, Seyranı canlı efirə dəvət etdim”.
   Azərbaycanlı müğənni radionun efirində “Wild kises”, “Qanadsız mələklər” və “Wer liebe lebt” (“Sevgini yaşayanlar” - alman müğənnisi Mişelin (Michelle) repertuarından) mahnılarını təqdim edib.