Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək müğənninin müəyyənləşməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin beşinci həftəsinin qalibi Aynişan Quliyeva olub. Bu həftənin qalibi də ənənəvi olaraq 50 faiz münsiflər heyətinin, 50 faiz isə tamaşaçı səsverməsinə görə müəyyənləşdirilib.
   Milli seçimlərin beşinci yarımfinal həftəsində 2-ci yerdə Emin Nəsirli, 3-cü yerdə Cəmilə Həşimova, 4-cü yerdə Rövşən Civişov, 5-ci yerdə Orxan İsrafilov, 6-cı yerdə Altun Zeynalov, 7-ci yerdə Gülnar Nəbi-Çingiz, 8-ci yerdə “Empathy” qrupu, 9-cu yerdə Elmar Əsgərov, 10-cu yerdə Canana Zeynalova, 11-ci yerdə isə Dinarə Cəfərova qərarlaşıb.
   Yarımfinal mərhələsi bundan sonra 2 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadını nümayiş etdirəcək və səsvermə yolu ilə biri finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi finala vəsiqə qazanan ifaçılar arasından seçiləcək.
   Xatırladaq ki, bundan öncəki 4 yarımfinalın qalibləri Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Arzum Xəlilova, habelə münsiflər heyətinin xüsusi qərarı ilə Nikola Barklay “Eurovision-2011” milli seçimlərinin finalına vəsiqə qazanıb.