Dekabrın 28-də Heydər Əliyev Sarayında Xalq artisti Mənsum İbrahimovun tələbələrinin konserti olacaq. “Gəncləşən muğam-2” devizi altında keçiriləcək konsert sənətkarın 27 tələbəsinin muğamsevərlərə Yeni il töhfəsi olacaq. Konsertdə gənc muğam ifaçılarını əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun muğam üçlüklərindən ibarət 12 tələbəsi müşayiət edəcək.
   Onların arasında M.İbrahimovun ən kiçik tələbələri 9 yaşlı Mirpaşa və 11 yaşlı Cəlal da yer alacaq. Ən tanınmış tələbəsi isə Əməkdar artist, Beynəlxalq Muğam Festivalının “Qran-pri” mükafatçısı Təyyar Bayramovdur.
   Bundan əlavə, konsertdə instrumental ansamblın çıxışı və ilk dəfə gənc tələbələrin ifasında “Leyli və Məcnun” operasından səhnəciklər də nümayiş olunacaq.
   Tamaşaçılar konsertdə “Muğam” müsabiqəsinin qalibləri və diplomantları ilə yanaşı, yeni simalar da görəcəklər. Onların arasında mərhum sənətkarlarımız Səxavət Məmmədovun oğlu Şəhriyar Məmmədov və Vahid Abdullayevin oğlu Valid Abdullayev də var. Konsert Mənsum İbrahimovun ifası ilə yekunlaşacaq.