Xəbər verdiyimiz kimi, fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” telekanalının açılışı mərasimi başa çatdıqdan sonra üçüncü muğam televiziya müsabiqəsinə start verilib. Müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
   İlk efir günü seçim turları zamanı müəyyənləşən 20 iştirakçıdan yalnız 10-u çıxış edib. Onların ifasını peşəkar sənətkarlardan ibarət münsiflər heyəti qiymətləndirib. Qalan 10 iştirakçı isə dünən, fevralın 17-də çıxış edib. Bundan sonra 20 iştirakçının ümumi balları hesablanacaq. Ən az bal toplayan ifaçı müsabiqəni tərk edəcək. Seçimlər bu dəfə də yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq. Müsabiqə hər həftənin çərşənbə axşamı və cümə axşamı saat 21:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək, “Mədəniyyət” telekanalı və AzTV-də canlı yayımlanacaq. Müsabiqənin qalibləri may ayında məlum olacaq.