Aprelin 25-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Mstislav Rostropoviçlə Firəngiz Əlizadənin yaradıcılıq əlaqələri” adlı tədbir keçirildi.
   Muzeyin direktoru Şeyla Heydərova qonaqları salamlayaraq Mstislav Rostropoviçin (1927-2007) yaradıcılığı haqda danışdı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin əsərlərindən söhbət açdı. Firəngiz Əlizadə görkəmli musiqiçi Mstislav Rostropoviç haqqında xatirələrini qonaqlarla bölüşdü. F.Əlizadənin iştirakı ilə keçirilən konsertlərindən ibarət videoçarx nümayiş olundu.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Muzey sektorunun müdiri Azadə Hüseynova, Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, bəstəkar Ruhəngiz Qasımova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə və başqaları iştirak edirdilər. Qonaqlar arasında Rusiya və Polşanın ölkəmizdəki səfirləri, Norveç səfirinin, ATƏT-in Bakı ofisinin rəhbərinin, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin xanımları vardı.
   Qeyd edək ki, dünya şöhrətli violonçelist, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç 2007-ci il aprelin 27-də vəfat edib.