Xəbər verildiyi ki, aprelin 7-13-də Rusiyanın Sankt-Peterburq şəhərində gənc vokalçıların “Uşaqlar bayramı” adlı beynəlxalq musiqi müsabiqəsi keçirilib.
   
   Müsabiqəyə 25 ölkədən 700-dək gənc ifaçı qatılıb. Respublikamızı müsabiqədə Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Yasin Həsənov təmsil edib. O, müsabiqədə uğurla çıxış edərək “Qran-pri” mükafatının laureatı olub. Bu günlərdə məktəbə gedərək laureatla və məktəbin direktoru Gülnarə Səfərova ilə görüşüb ürək sözlərini qələmə aldıq.
   Məktəbin direktoru Gülnarə Səfərova:
   - Məktəbimizdə istedadlı şagirdlər çoxdur. Yetirmələrimizin beynəlxalq müsabiqələrdə iştirakı fərəhli haldır. Sankt-Peterburqda keçirilən beynəlxalq müsabiqədə iştirak edən Yasin Həsənov da bizim istedadlı şagirdlərimizdəndir. Məktəbimizin vokal bölməsinin 3-cü sinfində oxuyur.
   Yasin Həsənov:
   - Heydər Əliyev adına liseyin V sinfində oxuyuram. 2008-ci ildən isə Tofiq Quliyev adına Musiqi Məktəbində musiqi təhsili alıram. İxtisas müəllimim əvvəl Əməkdar artist Samir Cəfərov idi. İndi isə İlahə Əfəndiyevadır.
   - Səncə, yaxşı musiqiçi olmaq üçün ilk növbədə nə lazımdır?
   - Birinci səsin olmalıdır. Mənim səsim də var, bu sənətə böyük həvəsim də. Həm də çox çalışmaq və zəhmət çəkmək lazımdır...
   - Burada oxuduğun üç il müddətində neçə əsər öyrənə bilmisən?
   - Xalq artisti Tofiq Quliyevin “Canım Bakı” və “Zibeydə” mahnılarını, İlham Abdullayevin “Vətənim”, Eldar Mənsurovun “Dostuma məktub”, Faiq Sücəddinovun “Bakım mənim” - ümumilikdə 26 mahnı öyrənmişəm.
   - Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Uşaqlar bayramı” beynəlxalq müsabiqəsində hansı əsəri ifa etdin?
   - Müsabiqədə hər ifaçıya bir mahnı oxumaq imkanı verildi. Mən italyan xalq mahnısı “Jamayka”nı ifa etdim. Nəticələr elan ediləndə məlum oldu ki, yaxşı ifaçı kimi “Qran-pri” mükafatına layiq görülmüşəm. Bundan sonra səylə çalışacağam ki, daha böyük uğurlara nail olam...
   - Daha hansı müsabiqələrdə iştirak etmisən?
   - 2010-cu ildə Rəşid Behbudov adına Mahnı Teatrında gənc istedadların respublika müsabiqəsində “Qızıl mikrofon” mükafatına layiq görüldüm. Ümumiyyətlə, respublikada keçirilən yeni il şənliklərində, bayram tədbirlərində yaxından iştirak edirəm.   

   Savalan Fərəcov