“Azərbaycana hər zaman birincilik yaraşır və biz də ölkəmizə layiq olmaq üçün var qüvvəmizlə çalışırıq. Xalqımıza bildiririk ki, sizin dəstəyinizi hər zaman hiss edirik”. Bu sözləri Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal bildiriblər. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək müsabiqədə təmsilçilərimiz mayın 10-da I yarımfinalda “Running Scared” mahnısı ilə çıxış edəcəklər. Onlar səhnəyə çox gözəl geyimdə çıxacaqlarını deyiblər. Təmsilçilərimizin geyimində bəyaz rəng var və bu da onların ifa edəcəkləri mahnıya tam uyğundur. Azərbaycan təmsilçilərinin ikinci məşqi və mətbuat konfransı mayın 6-da keçiriləcək.