Mayın 9-da İtaliyanın paytaxtı Romanın ən böyük konsert salonu olan Santa Çeçilia Milli Musiqi Akademiyasının “Auditorium Parco della Musica” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümümə həsr edilmiş konsert olub.
   Ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş konsertdə Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva azərbaycanlı pianoçu Zülfiyyə Sadıqova və İtaliya pianoçusu Paolo Saraçinonun müşayiəti ilə Azərbaycan və İtaliya opera musiqisindən nümunələr ifa edib. Konserti giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Sonra İtaliyanın musiqişünası və tanınmış opera ifaçısı xanım Bruna Balioni söz alaraq, Azərbaycanın musiqi mədəniyyətindən söhbət açıb.