Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli musiqi alətləri ifaçılarının V respublika müsabiqəsi keçirilir. Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq, musiqi mədəniyyəti tariximizdə əvəzsiz yeri və əhəmiyyəti olan milli musiqi alətlərinə həvəs və marağı artırmaq, yeni istedadlı ifaçıları üzə çıxarmaq məqsədilə keçirilən müsabiqənin yekun turu mayın 16-da Ucar şəhərində başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynov bildirib ki, tur dörd gün davam edəcək və müsabiqəyə mayın 20-də yekun vurulacaq. Onun sözlərinə görə, milli musiqi alətləri ifaçılarının V respublika müsabiqəsi iki ildən bir keçirilir. Builki müsabiqədə Azərbaycanın bütün bölgələrindən istedadlar iştirak edir. Yekun turda 65 nəfər öz istedadını nümayiş etdirir. Münsiflər heyəti onların arasından ən yaxşı 4 iştirakçını seçəcək. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif olunacaq.