ABŞ-ın müxtəlif şəhərlərində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi, 28 May - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı təşkil olunmuş konsert proqramlarına yekun vurulub.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin Los-Ancelesdəki baş konsulluğu ilə birgə təşkil etdiyi səfər gedişində incəsənət ustalarımız Hyuston şəhərində keçirilən beynəlxalq festivalda, həmçinin Los-Anceles, Santa-Monika, San-Fransisko şəhərlərində uğurlu çıxışlardan sonra mayın 19-da Vaşinqton şəhərində - “Ronald Reagan Building”də möhtəşəm yekun konsertlə çıxış ediblər.
   Azərbaycan Dövlət Rəqs Ansamblı, tanınmış pianoçu Emil Əfrasiyab, muğam dördlüyü və istedadlı musiqiçilərin iştirakı ilə keçirilmiş konsert proqramında caz musiqisi ilə muğam və xalq mahnılarının sintezi səsləndirilib, milli rəqslərimiz nümayiş olunub.
   Yüksək əhval-ruhiyyə və möhtəşəm alqışlarla bitən tədbirdən sonra salona toplaşanlar öz təəssüratlarını və xoş duyğularını Azərbaycan nümayəndə heyəti ilə bölüşüb, xalqımızın mədəniyyətini yüksək qiymətləndiriblər.