Böyük Britaniyanın “The Sun” qəzeti Nigar Camal haqqında yazıb
   
   Böyük Britaniyanın ən çox satılan “The Sun” qəzeti Azərbaycanın “Eurovision-2011” müsabiqəsində təmsilçilərindən biri olan Nigar Camal haqqında yazı dərc edib. Məqalədə Londonda yaşayan Nigar Camalın ailə fotosu (həyat yoldaşı Haluk və qızı ilə) da yer alıb.
    
   Londonda olarkən qəzetə müsahibə verən Nigar Camal bəzi məqamlara toxunub. Qeyd edib ki, “X Factor” yarışmasında iştirak etmək arzusu olsa da, bu istəyi baş tutmayıb: “Azərbaycanda olarkən mənə “Eurovision” müsabiqəsinin milli seçim turuna qatılmağı təklif etdilər. Sonda da 21 yaşlı Eldarla qalib oldum”. Qəzet yazır ki, Şimali Londonda yaşayan iki uşaq anası, hazırda postsovet məkanının ulduzuna çevrilib.
   Nigar Camal qəzetə qalibiyyətdən sonra Azərbaycana gəlişləri, hava limanında yüzlərlə insanın onları qarşılaması barədə də danışıb: “Bu qədər insan bizi qarşılamaq üçün aeroporta gəlmişdi. “X Factor”a qatılmamışam, bəlkə də bu bir taledir. Bir neçə ay bundan əvvəl mən sadə evdar xanım idim, indi isə “Eurovision”un qalibiyəm. Bu mənim ən böyük arzum idi. Buna baxmayaraq, özümü superstar, qeyri-adi insan hesab etmirəm”.
   Nigar ingilis müğənnisi Şeryl Colenin ifasını çox sevdiyini, onun kimi olmaq istədiyini deyib.
   Qeyd edək ki, Eldar Qasımov və Nigar Camal “Eurovision TV”-yə də müsahibə veriblər. Nigar Camal böyük qızı Səidənin mütləq müğənni olmaq və gələcəkdə Azərbaycanı “Eurovision”da təmsil etmək arzusunda olduğunu söyləyib. Nigar Camalın böyük qızı Səidənin 5, kiçik qızı Jasminin 3 yaşı var.