Mayın 25-də M.Maqomayev adına Dövlət Filarmoniyasında 28 May - Respublika Günü və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şuşa Humanitar Kollecinin hesabat konserti olub. 
   
   Tədbirdə Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin nümayəndələri, İncəsənət Universitetinin, kollecin müəllimləri, məzunları, tələbələri, musiqi məktəblərinin şagirdləri, incəsənət ustaları iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə Filarmoniyanın foyesində kollecin müəllimi, rəssam Zaur Mirzəyevin, tələbələrdən Həcər Qəhrəmanova, Aysel Səlimova, Mətanət Kamalzadə və başqalarının rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
   Şuşa Humanitar Kollecinin tələbələrinin ifasında “Sevin Azərbaycanı”, “Azərbaycan”, “Vətən haqqında ballada”, “1 saylı macar rəqsi”, “Tərəkəmə”, “Daimi hərəkət”, “Cəngi”, “Nigaran Şuşa” və digər əsərlər səsləndirilib.
   Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiət etdiyi tədbirdə dirijor İlahə Hüseynova olub. Tələbələrin ifası alqışlarla qarşılanıb.
   Kollecin direktoru Rəsul İsmayılovun bildirdiyinə görə, 19 ildir məcburi köçkün həyatı yaşayan Şuşa Humanitar Kolleci instrumental ifaçılıq, xalq çalğı alətləri, xanəndəlik, təsviri incəsənət, musiqi nəzəriyyəsi və digər ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olur. Kollecin məzunları bu gün respublikanın müxtəlif bölgələrində Azərbaycan mədəniyyətinin incəliklərini məktəblərdə tədris edir, mədəniyyətimizi, incəsənətimizi təbliğ edirlər.
   Direktor dövlət tərəfindən Şuşa Humanitar Kollecinə daim diqqət göstərildiyini vurğulayıb, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbin 85 illik yubileyi böyük təntənə ilə keçirilib.