Mayın 31-də Berlin Filarmoniyasının Böyük salonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə simfonik musiqi konserti olub.
   
   Konserti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan Milli Musiqi Şurasının, Litvanın AFR-dəki səfirliyinin və Litva Milli Filarmoniyasının iştirakı ilə Azərbaycanın Almaniyadakı səfirliyi təşkil edib.
   Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayaraq bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bütün sahələrdə sürətli inkişaf edərək regionun aparıcı ölkələrindən birinə çevrilib. Bu illərdə Almaniya və Azərbaycan arasında münasibətlər də genişlənib. Həmin əlaqələrdə mədəniyyətin payı az deyil. Azərbaycan musiqisi və musiqiçilərinin dünyada böyük nüfuz qazandığını deyən səfir ölkəmizin təmsilçilərinin “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinin buna bariz nümunə olduğunu vurğulayıb.
   Qonaqları Almaniya xarici işlər nazirinin müavini Kornelia Piper və Litvanın Almaniyadakı səfiri Mindauqas Butkus da salamlayıblar.
   Konsertdə dirijor Azad Əliyevin rəhbərliyi altında Litva Milli Simfonik Orkestri, solo ifaçılar Fərhad Bədəlbəyli (fortepiano) və Sergey Krılov (skripka) Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranı ifa ediblər. Bundan əlavə, Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita və fortepiano ilə orkestr üçün konserti, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında orkestrlə fortepiano üçün konserti səslənib. Musiqiçilərin ifasından vəcdə gələn tamaşaçılar onları uzun müddət səhnədən getməyə qoymayıblar.