“Eurovision” beynəlxalq mahnı yarışmasında Azərbaycana qalibiyyət sevinci bəxş edən Eldar Qasımov və Nigar Camal Türkiyədə keçiriləcək “Türkvision” musiqi festivalında çıxış edəcəklər.
   
   Bununla bağlı açıqlama verən müğənnilərin prodüseri İsa Məlikov bildirib ki, iyunun 14-də başlanacaq festivala Eldar və Nigar qardaş ölkədən xüsusi dəvət alıb. Türkiyənin Dənizli şəhərində baş tutacaq festivalda 20-dən artıq ölkə sənətçisi türkcə mahnılar səsləndirəcək. Eldar və Nigarla birgə Türkiyənin tanınmış sənətçisi Keremcem festivalın xüsusi qonaq sənətçiləri sırasında səhnəyə çıxacaq.
   İsa Məlikov qeyd edib ki, Eldar və Nigara qalibiyyətdən sonra çoxsaylı dəvətlər gəlir və hazırda onlar üçün proqram hazırlanır. İyunun 16-da Eldar və Nigar Türkiyədə keçiriləcək gözəllik müsabiqəsində də çıxış edəcəklər. Bu müsabiqədə isə dünyanın 30-dan artıq ölkəsindən iştirakçı olacaq.
   Qeyd edək ki, “Türkvision” musiqi yarışması üç gün boyunca Delikliçınar Meydanı və Açık Hava Teatrında baş tutacaq. Yarışma Türkiyənin “TRT” kanalı ilə canlı yayımlanacaq.