Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının “AMOR” jurnalının növbəti nömrəsi çapdan çıxıb. Jurnalın yeni nömrəsi “Azərbaycanın gələcəyi gənclərin əlindədir” məqaləsi ilə açılır.
   
   Nəşrdə gənclərin ayrı-ayrı nailiyyətləri barədə məlumat əldə etmək olar. Burada istedadlı, parlaq, öz peşəsinin vurğunu olan insanlar - fəxr etdiyimiz və nümunə götürdüyümüz azərbaycanlılar haqqında xeyli oçerk yer alıb.
   Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “AMOR” jurnalının baş redaktoru Leyla Əliyeva redaktor sütununda yazır: “Gənclərin maraq dairəsi çox genişdir: təhsil, ünsiyyət, musiqi, teatr, kino, səyahət və texnologiyalar. Biz həyatın müxtəlif tərəflərinin hələ tədqiq edilməmiş, lakin cəlbedici təzahürlərini axtarıb tapmağa çalışdıq”.
   Jurnalın əsas mövzularından biri, heç şübhəsiz, Azərbaycanın Eldar və Nigar duetinin parlaq qələbəsi, habelə növbəti “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsidir. Leyla Əliyeva redaktor sütununda Azərbaycanı bu qələbə münasibətilə təbrik edərək yazır: “Eldar və Nigar dueti çox gözəl idi. Gözlənilməz, lakin heç şübhəsiz layiqli qələbədir. Əminəm ki, gələn il dünyaya çox gözəl şou göstərəcəyik. Bu şounu uzun müddət xatırlayacaqlar. Qələbəmizin doğurduğu emosiya və həyəcanı sözlə ifadə etmək mümkün deyil. Hər birimizin ürəyi Azərbaycana, gənclərimizə görə qürur hissi ilə aşıb-daşır. Bu, ölkəmiz, mədəniyyətimiz, adətlərimiz və tariximizdən danışmaq üçün gözəl fürsətdir. Biz bu qələbəni birlikdə qazanmışıq”.
   Jurnalın bu nömrəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xatirələr, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi, Londonun City Universitetinin tələbələrinin Böyük Britaniyada Azərbaycan diasporunun mütəşəkkilliyini möhkəmləndirmək istiqamətində fəaliyyəti, Yekaterinburqda RAGT gənclər təşkilatının uğurları, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dilini öyrənən bir qrup tələbəsinin Bakıya səfəri barədə maraqlı məqalələr və bir çox digər illüstrasiyalı materiallar yer alıb.   

   * * *
   
   Gözün aydın, Azərbaycan!
   Eldar və Nigarın “Eurovision” qələbəsinə həsr olunur
   
   Azərbaycan diyarından Avropaya salam olsun,
   Haqq-ədalət pərvaz edən, ab-havaya salam olsun,
   Qaliblərin doğulduğu el-obaya salam olsun,
   Eldar-Nigar tarix yazdı, unudulmaz zaman-zaman,
   İnanılmaz bir qələbə, gözün aydın, Azərbaycan!

   
   Qırx üç ölkə arasında, Odlar yurdum birincidir,
   Bəşəriyyət yaratdığı söz, musiqi, dürr, incidir.
   Sevincimiz insanlığın, türk dünyamın sevincidir,
   Alqışlardan titrədi zal, bu nə coşqu, nə həyəcan,
   İnanılmaz bir qələbə, gözün aydın, Azərbaycan!
   
   Fəth edilməz zirvədədir Azərbaycan bayrağımız,
   Günbatandan-gündoğana yayılır səs-sorağımız.
   Sönməyəcək çırağımız, gur yanacaq ocağımız,
   Tarixləşən ulu diyar, səninləyik hər çətin an,
   İnanılmaz bir qələbə, gözün aydın, Azərbaycan!
   
   Qüdrətin var, bayrağımız Qarabağda yüksələcək,
   Yolumuz haqq, bəşər yolu bizimlədir xoş gələcək,
   Oğuz yurdu şənlənəcək, Zəngəzurda el güləcək,
   Mədəniyyət beşiyisən, tarixin var, bilir cahan,
   İnanılmaz bir qələbə, gözün aydın, Azərbaycan!

   
   Oqtay Zəngilanlı