Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq tanınmış musiqiçi, rəssam və xoreoqrafların, təcrübəli müəllimlərin iştirakı ilə ustad dərsləri təşkil edir. Uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün klassik gitara ixtisası üzrə ustad dərsləri keçmək, habelə konsert proqramı ilə çıxış etmək məqsədilə Niderlandda yaşayan tanınmış rusiyalı gitaraçı, beynəlxalq müsabiqələr laureatı İrina Kulikova-Fellendans Bakıya dəvət olunub.
   İyunun 8-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (“Kapellhaus”) gitaraçının solo konserti olub.
   İctimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, Rusiyanın Çelyabinsk şəhərində anadan olan İrina Kulikova valideynlərinin rəhbərliyi altında erkən yaşlarından musiqi istedadını inkişaf etdirməyə başlayıb. 12 yaşında bir çox konsertlərdə və festivallarda çıxış edib. 14 yaşında isə adı “Klassik Gitara. 1800-ci ildən bəri onun təkamülü, musiqiçilər və şəxsiyyətlər” adlı kitaba salınıb. 2005-ci ildə Rusiya Federasiyasının Qnesinlər adına Musiqi Akademiyasını bitirib. Məşhur gitaraçı 2007-ci ildən Niderlandda yaşayır və müəllimlik edir.
   İrina Kulikova konsertdə Jose Mariya Gallardo del Rey, İohann Sebastyan Bax, Fernando Sor, Yohann Kaspar Mertz, Aqustin Barrios Mangore və Mario Castelnuovo-Tedesko kimi bəstəkarların kompozisiyalarını gitarada ifa edib. Onun ifa bacarığı tamaşaçıları heyran edib.
   Qeyd edək ki, iyunun 9-da İrina Kulikova Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbində uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçib.