Şuşa musiqi məktəblərinin bir qrup şagirdi 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə İtaliyada konsertlər verir.
   
   İctimai Birliyin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, musiqiçilər iyunun 7-də Milan şəhərindəki musiqi akademiyalarından birində ilk konsertlə çıxış ediblər. Uşaqların ifasında Azərbaycan və dünya musiqisi nümunələri maraqla qarşılanmışdır. Konsertdən əvvəl qrupun rəhbəri, İctimai Birliyin əlaqələndirmə şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev ölkəmizdə uşaqlara dövlət qayğısından, onların qabiliyyət və istedadının inkişaf etdirilməsi üçün həyata keçirilən müxtəlif tədbirlərdən danışıb. Qeyd olunub ki, İtaliyaya bu səfər Azərbaycan prezidentinin gənclərə diqqət və qayğısına daha bir nümunədir.
   Şuşa musiqi məktəblərinin şagirdləri iyunun 9-da Romada İtaliyanın tanınmış musiqiçilərinin, ekspertlərin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin qarşısında konsert proqramı ilə çıxış ediblər. Balaca musiqiçilərin daha bir konserti bu gün, iyunun 10-da olacaq.
   Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov bildirib ki, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə hazırlanan proqrama xalq mahnıları və muğamlar, Şuşa haqqında mahnılar, klassik əsərlər daxildir. Mədəniyyət tədbirləri çərçivəsində Şuşa Musiqi Məktəbinin nəzdində yaradılan “Şuşanın dağları” xalq çalğı alətləri ansamblının ifası böyük maraq doğurduğundan konsertin proqramına əlavə musiqi nömrələri daxil edilib. Bundan əlavə konsertlər zamanı Şuşanın tarixini, mədəniyyətini, işğal faktlarını əks etdirən rəsm və fotolardan ibarət sərgilər nümayiş olunub. Qeyd edək ki, nümayəndə heyəti iyunun 10-da vətənə dönəcək.