Musiqi Mədəniyyəti Dövlət Muzeyində tədbir
   
   Yanvarın 11-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubu “Nizami Gəncəvi və musiqi” adı altında tədbir həyata keçirdi. Niyazinin ev-muzeyində gerçəkləşən tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi Alla Bayramova açaraq dahi Nizami Gəncəvinin “Xəmsə”sində musiqi xüsusiyyətləri mövzusunda çıxış etdi. Çıxış muzeyin zəngin kolleksiyası əsasında tərtib edilmiş slayd-şou ilə müşayiət olunurdu.
   Daha sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Nizami mövzusu xalça sənətində” məruzəsi ilə çıxış etdi. Məruzə ilə bağlı videoçarx nümayiş olundu.
   Tədbirdə Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər, həmçinin dahi Nizaminin sözlərinə Azərbaycan bəstəkarlarının yazdıqları əsərlərdən nümunələr də səsləndi. Əsərləri Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti A.Abbasova, Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və başqaları ifa etdilər.
   
   Lalə Azəri