Ötən illərin mahnıları 
   
   XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti. Bu sözlər məlahətli səs sahibi, gözəl ana, qayğıkeş müəllim kimi mükəmməl keyfiyyətləri özündə birləşdirən sənətkarımızı, səs xəzinəsi ünvanlı unudulmaz ifaçını xarakterizə etmək üçün, məncə, kifayətdir. Onun unudulmaz ifası yüzlərlə mahnını sevdirdi, yaddaşlara həkk etdi, onlara ölməzlik bəxş etdi.
   
   Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdu. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlamışdı. Musiqimizin "Qarabağ şikəstəsi"nə köçən, "Sevgi nəğməsi"ndə, "Məhəbbət"ində qərar tapan bu səsin sahibinin sənətə gəlişinin də maraqlı tarixçəsi var.
   Musiqiçi ailəsində, sənətkar ananın nəvazişi ilə böyüyən Şövkət özünü musiqidən ayrı təsəvvür etməyib. Elə ona görə də anası onu əvvəlcə musiqi məktəbinin kamança sinfinə qoyur. Dərsdən sonra tez-tez anası Hökumə xanımın tar ifaçısı olduğu orkestrin məşqlərinə gələrmiş. Orkestrə böyük bəstəkar Üzeyir Hacıbəyli rəhbərlik edirdi. Günlərin bir günü məşq zamanı musiqinin sədaları altında zümzümə edən balaca qızın səsini eşidən Üzeyir bəy ona yaxınlaşaraq qulağına «Şövkət, sən mütləq müğənni olacaqsan» sözlərini pıçıldayır və onun sənət yoluna öz xeyir-duasını verir.
   O, başqa bir sənət yolu seçmək barədə düşünmədi. Çünki qəlbi oxumaq arzusu ilə döyünürdü. Müğənnilik onun tale yazısıydı və bu, azı onu böyük səhnəyədək müşayiət etdi. İlk olaraq o vaxtlar "Kəndlilər evi" kimi adlandırılan özfəaliyyət kollektivinə yazıldı və ifaçılıq fəaliyyətinə başladı.
   
   «Qarabağ şikəstəsi»nin uğur vədi
   
   1937-ci ildə keçirilən bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edən Şövkət xanımın ifasına dahi Üzeyir bəy, Bülbül, Səid Rüstəmov kimi sənətkarlar qiymət verir. O, müsabiqənin seçim turunda oxuduğu «Qarabağ şikəstəsi» ilə qalib olur və Üzeyir bəyin dəvəti ilə Azərbaycan Dövlət Xorunda fəaliyyətini davam etdirir. Bu barədə Şövkət xanımın sevimli tələbələrindən biri, Əməkdar artist Aybəniz Haşımova maraqlı fikirlər söylədi: “Xor kollektivinin solisti kimi Şövkət Ələkbərova gözəl bir sənət məktəbi keçdi. Bir müddət sonra Azərbaycanın böyük sənətkarlarından olan Hüseynqulu Sarabskinin sinfində muğam sənətini daha dərindən mənimsədi. Şövkət xanımın səsi xorun bütün solistlərinin ifasından, səsindən fərqlənirdi. Bu fərq onun səsindəki bülbül avazında, səsinin hərarətində, məxmər kimi incəliyində idi. Bu onun şaqraq zəngulələrində dinləyicini ilk andan başqa bir aləmə aparırdı. Onun musiqini ürəyindən, ruhunun dərinliklərindən keçirərək yaşaya-yaşaya ifa etməsi istər-istəməz insanları valeh edirdi».   

   “Çiçək, çiçək, ağ çiçəyim...”
   
   Məlahətli səsi ilə milyonların ürəyinə yol tapan Şövkət Ələkbərovanın yüksək vokal mədəniyyəti, mahnılarındakı dərin emosionallıq və lirizm onun ifa tərzinin əsas xüsusiyyətlərindən idi.
   1945-ci ildən Şövkət Ələkbərova Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Elə o vaxtdan xalq və bəstəkar mahnıları ilə nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da milyonların sevgisini qazanır. Türkiyə, İran, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, Fransa, İsveçrə, Polşa kimi ölkələrdə verdiyi konsertlərdə müxtəlif xalqların nümayəndələri qarşısında incə və məlahətli səsinə yatan «Segah», «Qatar», «Şahnaz» muğamlarını, bəstəkar mahnılarını məharətlə ifa edir. Onun sevərək dinlədiyimiz «Axşam», «Ayrılıq», «Gəl səhərim», «Bir könül sındırmışam», «Dərələr», «Sən mənim, mən sənin”, «Sənsən ürəyim», «Tez gəl», «Durnalar», «Gəlmədin», «Yenə o bağ olaydı», «Qarabağ mahnısı», «Aldatmayaq bir-birimizi» kimi gözəl, bənzərsiz mahnıları bu qəbildəndir.
   Aybəniz xanım ustadının sənətkarlıq məziyyətlərindən söz açır: “Şövkət xanım səhnəyə çıxanda onun içinə elə bil başqa bir insan girirdi. O, səhnə arxasında tamamilə başqa bir insan idi. Çox sadə, gözəl, məlahətli bir ana. Amma səhnəyə qalxdıqda sanki ayrı bir qüvvə, vəhy gəlirdi ona. Və o bütünlükdə səhnəyə, tamaşaçıya bağlanırdı. Onun sənətinin böyüklüyü elə bunda idi...”.
   
   “Oxu gözəl, oxu gözəl, qoy səsin
   Ürəyimdə kaman kimi titrəsin”

   
   Şövkət Ələkbərova ifa etdiyi mahnıların seçimində də hədsiz dərəcədə tələbkar olub. Buna görə də daim istedadına inandığı bəstəkarların əsərlərinə müraciət edib. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu məhz belə bəstəkarlardan idilər. Ona görə də onun oxuduğu mahnıların hər biri təkcə bənzərsiz ifaya görə deyil, həm də sözlərinə və musiqilərinin mətninə görə misilsiz sənət nümunəsi sayıla bilər. O, dövrünün artıq adları tarixləşən bəstəkarlarının bir çoxu ilə yaxından dost olub. İndi heyrətlə, məftunluqla dinlədiyimiz mahnıların bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Şövkət Ələkbərovanın bir ifası yetərli idi ki, səsindən, məlahətli, axar-baxarlı tembrindən eşidilən ifa dillər əzbəri olsun. O hətta baxışları ilə insanlara ifa etdiyi mahnını, o sözlərdəki, musiqilərdəki hiss və həyəcanları çatdırmağa çalışırdı. Və buna nail olurdu. İzləyici onu səhnədə, efirdə görən andan musiqiyə diqqət kəsilirdi.    

  “Bir könül sındırmışam” desə də...
   
   Qəlbi mahnıları kimi kövrək olub Şövkət xanımın. Yumşaq, həlim təbiətli, mehriban, təvazökar bir insan olub. Kimsənin ürəyinə toxunmağı, qəlbini sındırmağı özünə rəva görməyib. Hər kəsə əlindən gələn köməyi göstərib. Səhnəyə üz tutanda ona böyük sənətkarlar yol vermişdilər. O da bunu bir mənəvi borc kimi gənclərə qaytarıb.
   Asəf Zeynallı adına Musiqi Texnikumu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində yalnız peşəkarların, fədakarların keçə biləcəyi yolu tanıdıb. Onlara yalnız bu yolla getməyi tövsiyə edib. Şövkət Ələkbərova tələbələri üçün təkcə sənət yox, həm də insanlıq məktəbi olub. Onların hər birinə ana qayğısı ilə yanaşıb. Bunu Şövkət xanımın sənət bulağından su içən bütün tələbələri dönə-dönə vurğulayırlar.
   Onun pedaqoji fəaliyyəti bir ayrı söhbətin mövzusudur. Yetişdirdiyi tələbələrdən savayı, məhz onun sənətini, səsini sevərək bu sənətə gələnlər də kifayət qədərdir. Aybəniz xanım sevimli müəllimi haqqında eyni həyəcanla danışır: «Şövkət xanım gözəl ana, böyük sənətkar, əsl pedaqoq və həssas qadın idi. Bu gün həyatda olmasa belə, bir çoxları üçün örnək pedaqoqdur. Çünki onun ifa keyfiyyətləri, sənətkarlığı daim yaşayacaq. Onun lent yazıları bundan sonra səhnəyə gələcək neçə-neçə gəncə örnək olacaq. Ona görə də Azərbaycan musiqisi var olduqca Şövkət Ələkbərova sənəti də yaşayacaq, yaşadacaq. Çünki onun sənəti ilə şəxsiyyəti bir-birini tamamlayırdı”.
   
   “Ulduzlar da bu axşam səndən danışır...”
   
   Şövkət xanımın dəstəyi və tövsiyəsi ilə sənətə gələn ifaçılar içərisində bu gün xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova kimi ifaçıların da adlarını qeyd etmək olar. Sənətkarın sevimli tələbələrindən biri, Xalq artisti Aygün Bayramova Şövkət xanımın tələbələri üçün təkcə sənət yox, həm də insanlıq məktəbi olduğunu bildirir: “Onun kimi bir sənətkarın tələbəsi olmaq mənim üçün böyük xoşbəxtlikdir. Şövkət xanımın sənəti kimi insanlığı, şəxsiyyəti də böyük idi. Çox qayğıkeş və mehriban idi. Ümumiyyətlə, Şövkət xanım çox diqqətli və həssas idi. Heç bir istedadlı tələbəsini diqqətdən kənarda saxlamazdı. Xatirimdədir, peşə məktəbində oxuduğum zamanlarda o, tələbələrinin konsertini təşkil edirdi. Həm radio, həm də televiziyada mütəmadi olaraq biz gənclərin konsertləri olurdu. O istəyirdi ki, biz tanınaq, sevilək. Onu xatırlayarkən inandığı, sevdiyi tələbələrinin bugünkü uğurlarını görə bilməməsinə təəssüflənirəm. Amma bir şeydə təsəlli tapıram ki, onun tələbələri etimadını doğrultdular. Mən sənət yolumun başlanğıcında belə bir böyük sənətkarı tanıdığıma, 4 il onun tələbəsi olduğuma görə daim böyük fəxarət hissi keçirirəm. Bu gün öz pedaqoji fəaliyyətimdə də məhz Şövkət xanımdan öyrəndiyim keyfiyyətləri tətbiq etməyə çalışıram. Bu gün də onun saysız-hesabsız mahnılarını sevə-sevə dinləyirəm. Son vaxtlar demək olar ki, hər gün onun gözəl sənətkarımız Çingiz Sadıxovun fortepianoda müşayiət etdiyi «Anam yadıma düşür» mahnısına qulaq asıram. O mahnını dinlədikcə də böyük sənətkar, qayğıkeş ana və həlim pedaqoqu sevgi, sayğı ilə anıram».
   
   “Yoxsa qocalıram mən yavaş-yavaş...”
   
   Şövkət xanım vaxtın nəbzini tuta bilən müğənni olub. O, sənətdə nəsillər arasında körpü yaratmağı, dinləyici auditoriyasını qorumağı bacaran sənətkar idi. Müasirləri onu həmişə təravətli və ecazkar səsi ilə həm yaşlı nəslin nümayəndələri olan ölməz sənətkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Niyazinin, Qənbər Hüseynlinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın və başqalarının əsərlərini, həm də yeni nəsli təmsil edən Emin Sabitoğlu və Polad Bülbüloğlu kimi bəstəkarların mahnılarını eyni məharətlə ifa etməsini bu duyarlığın nəticəsi kimi qeyd edirlər.
   Şövkət xanım həm də Azərbaycan xalq musiqisində ənənələrə sadiq qalan və onları davam etdirən bir şəxsiyyət kimi də anılır. O, səhnəyə özünəməxsus ifa tərzi və davranış qaydaları da gətirmişdi.
   
   “Mən çox gün görmədim bil ki dünyada”
   
   İlkin gənclik illəri müharibənin dəhşətlərinə, ilk sənət sevincləri soyuq səhnələrlə əvəzlənən, II Dünya müharibəsinin ağrılarını yaxınlarını itirməklə yaşayan Şövkət xanıma vurulan tale zərbələrinin ən ağrılısı isə həyat yoldaşını itirməsi idi. Övladlarını təkbaşına böyütmək asan deyildi. Ancaq Şövkət xanımı daha çox üzən həyat yoldaşı, istedadlı rejissor Lətif Səfərovun faciəli ölümü idi. Onları hər ikisinin vurğunu olduğu sənət qovuşdurmuşdu. Lətif Səfərov quruluş verdiyi "Bəxtiyar" filmindəki baş qəhrəmanın uşaqlıq mahnılarını səsləndirən Şövkətlə tanışlıqdan bir müddət sonra onunla ailə həyatı qurur. Bu evlilik cəmi 8 il davam edir. Şövkət xanım oğlu Bəşiri 6 yaşında atasız qoyub dünyadan gedən Lətifi ömrünün sonuna qədər hörmətlə anıb.
   Ömrünün qüruba üz tutan çağlarında taleyi onunla daha amansız davranıb. Qızı Natella 1992-ci ildə çarəsiz xəstəlikdən vəfat edib. "Daha mən də öldüm, yoxam bundan sonra", - deyib və doğrudan da bu ağrıya tablaşa bilməyib Şövkət xanım. Ölüm ağrılar içində yaşayan müğənnini 1993-cü il fevralın 7-də «gəlimli-gedimli, son ucu ölümlü dünya»dan apardı. Apardı ki, illər, onilliklər keçsə də, hamı onu eyni hərarət və sevgi ilə xatırlasın: “Oxu, Şövkət, oxu, Şövkət, qoy səsin, Ürəklərdə kaman kimi titrəsin”.
   
   Həmidə Nizamiqızı