Bu günlərdə Litvanın Bakıdakı səfirliyi ölkələrinin müstəqilliyinin 94-cü ildönümü münasibətilə Dövlət Filarmoniyasında böyük konsert keçirdi. Tanınmış litvalı dirijor Robertas Şervenikasın idarə etdiyi Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında bir sıra əsərlər səsləndi. Konsertdə həmçinin azərbaycanlı gənc musiqiçilər - beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Rüstəm Zeynalov, Nərmin Nəcəfli də öz ifalarını nümayiş etdirdilər.
   Konsertdən sonra litvalı dirijor bizimlə söhbətində bildirdi ki, bu onun Azərbaycana ilk səfəridir: “Hələ Moskvada tələbə olarkən məşhur Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış olmuşam. İndi ölkənizi gördüyüm üçün sevinc hissi keçirirəm. Bakıda tarixiliklə müasirliyin üzvi vəhdətinin şahidi oldum. İnsanlar mehriban, qonaqpərvərdir. Rüstəm və Nigarla isə hələ Vilnüsdə tanış olmuşuq. Çox gəncdirlər, amma uğurları az deyil, ifaları gözəldir. Elə buna görə də onların hər ikisinin adı Azərbaycan Prezidentinin sərəncamı ilə gənc istedadların “Qızıl Kitab”ına daxil edilib. Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifaçıları da çox istedadlı musiqiçilərdir. Güman edirəm ki, bu onlarla son görüşümüz deyil”.

   İradə