İsveçrənin Montrö kurort şəhərində keçirilən beynəlxalq caz festivalı (Montreux Jazz Festival) başa çatıb.
   
   1967-ci ildən ənənəvi olaraq təşkil olunan festival caz musiqisi sahəsində dünyanın ən nüfuzlu sənət yarışmasıdır. Festival bir qayda olaraq iyunun sonu - iyulun əvvəlində gerçəkləşir. Ölkəmiz də son bir neçə ildə bu musiqi bayramında uğurla təmsil olunur. Bu il də musiqiçilərimiz Montrö festivalında çıxış ediblər.
   İsveçrənin rusdilli “Nasha Gazeta” internet resursunda “Montrödə caz festivalı: qısa xronika” adlı məqalə dərc edilib. Məqalədə festivalın proqramından söhbət açılır, Bob Dilan, Juliett Qreko, Hyu Lori, Van Morrison, Çik Korea və Bob Makferrin, Keti Melua, Rufus Ueynrayt, İsfar Sarabski, Toni Bennett kimi tanınmış caz ustalarının çıxışlarının tamaşaçılara böyük zövq verdiyi vurğulanır. Bildirilir ki, Azərbaycanın milli alətlərində ənənəvi melodiyaları ifa edən “Natiq” ritm qrupu da builki Montrö festivalında iştirak edib.
   Yazıda, eyni zamanda, azərbaycanlı ifaçıların çıxışına da xüsusi yer ayrılıb. “Azərbaycan - festivalın fəxri qonağı” adlı bölmədə vurğulanır ki, İsveçrə auditoriyası azərbaycanlı musiqiçilərlə artıq tanışdır və bu tanışlıq təkcə Montrö caz festivalı ilə bağlı deyil: “Biz artıq Emil Məmmədov və İsfar Sarabskinin uğurlu çıxışları barədə danışmışıq”. Məqalədə Azərbaycan və İsveçrə musiqiçilərinin iştirakı ilə yaxın zamanlarda Cenevrədə və Bakıda bir sıra tədbirlərin keçiriləcəyi də qeyd olunur.
   Xatırladaq ki, Montrö caz festivalında Cəmil Əmirov və “Savab” qrupu da iştirak edib. Festival çərçivəsində keçirilən pianoçuların müsabiqəsində Azərbaycanı pianoçumuz Əfqan Rəsul təmsil edib.