Tanınmış müğənni və bəstəkar Emin Ağalarov iyulun 13-də Bakıda, Yaşıl Teatrda geniş konsert proqramı ilə çıxış edib. Xeyriyyə məqsədli konsertdə müğənni pərəstişkarlarının qarşısına “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində ifa etdiyi “Never enough” mahnısı ilə çıxıb.
   Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə Emin Ağalarov bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, “After the Thunder” albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib. Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb.
   Konsertdə həmçinin ölkəmizi 57-ci “Eurovision” musiqi yarışmasında təmsil edən Səbinə Babayeva “When the music dies” mahnısını ifa edib.
   Tamaşaçılar Bakıda keçirilmiş 57-ci “Eurovision” mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olublar.
   E.Ağalarov həmçinin SSRİ Xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından da mahnı səsləndirib. Hər zaman Müslüm Maqomayevin adını uca tutduğunu dilə gətirən müğənni, məhz ondan nümunə götürərək sənətdən zövq aldığını qeyd edib.
   Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.