Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov avqustun 15-dən 17-dək Ukraynada keçiriləcək \"Detskaya Novaya Volna-2012\" adlı gənc populyar musiqi ifaçılarının I beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsini uğurla keçərək, finala dəvət alıb.
   12 yaşlı Yasin Həsənov artıq bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. O, \"Zemlə pod belımi krılğəmi\" adlı gənc istedadların VIII Beynəlxalq festival-müsabiqəsində (Mozır, Belarus, 2011), uşaq və gənclərin XI Beynəlxalq festival-müsabiqəsində (Sankt-Peterburq, 2011) Qran-pri mükafatları ilə, \"Zolotaə pçelka\" XI Beynəlxalq uşaq yaradıcılığı festivalında (Klimoviçi, Belarus, 2011) isə II dərəcəli diplomla təltif olunub.
   İfaçı həmçinin ötən il Rumıniyanın Oneşt şəhərində keçirilmiş XVI \"Tİ AMO\" Beynəlxalq uşaq pop musiqisi festivalında III mükafata, Belarusun Vitebsk şəhərində keçirilmiş \"Slavənskiy bazar\" IX Beynəlxalq uşaq musiqi müsabiqəsində II dərəcəli diploma layiq görülüb. Ölkə başçısının 2011-ci il 19 dekabr tarixli sərəncamı ilə Yasin Həsənovun adı Azərbaycanın gənc istedadlarının \"Qızıl kitabı\"na yazılıb və o, Prezidentin xüsusi təqaüdünə layiq görülüb.