İyulun 24-də Bakı Caz Mərkəzində məşhur saksafon ifaçısı, Əməkdar artist Arif Cahangirov ilə görüş keçirilib. Tədbirdə A.Cahangirovun tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.
   Zəngin yaradıcılıq yolu keçmiş A.Cahangirov Vaqif Mustafazadə, Rafiq Babayev kimi sənətkarlarla birgə işləyib, Azərbaycan Dövlət Simfonik Orkestrində çıxış edib. Məşhur saksafon ifaçısı Moskva və Bakı caz festivallarının laureatıdır. O, 2005-ci ildə saksafonçulardan ibarət ansambl təşkil edib.
   A.Cahangirov hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyada dərs deyir. Onun tələbələri ölkəmizi beynəlxalq musiqi festivallarında uğurla təmsil edirlər.