Onlar isti iyunda doğulmuşlar
   
   Yay fəslinin isti, həddindən artıq bürkülü keçməsi insanı tez yorur. Ancaq yay ayında olan insanların əməksevər, emosional, iddialı, cəsarətli, risk etməyi sevən, xoş xasiyyət olduğu qeyd edilir. Bir çox korifey sənətkarlarımızın da məhz bu ayda anadan olması bunu bir daha sübut edir. Hamlet Xanızadə ( 5 iyun), Xuraman Qasımova ( 6 iyun), Məlik Dadaşov (27 iyun), Bəsti Cəfərova ( 13 iyun), Fidan Qasımova (14 iyun), Amaliya Pənahova (15 iyun), Hökumə Qurbanova (16 iyun), Möhsün Sənani (19 iyun), Bülbül ( 22 iyun), Barat Şəkinskaya (28 iyun), Ağakişi Kazımov ( 28 iyun) kimi sənətkarlarımız bu ayda dünyaya göz açmışlar.   

    Həmin sənətkarların xarakterlərinin özəlliklərinə nəzər yetirsək, Məlik Dadaşovun daxilən narahat, çılğın, ehtiraslı, Hökumə Qurbanovanın zərif, cazibəli, Bəsti Cəfərova və Barat Şəkinskayanın romantik, səmimi, Ağakişi Kazımovun çılğın, ehtiraslı xarakteri nəzərə çarpır. Bu sənətkarları ümumilikdə çılğın, romantik xarakterləri birləşdirir.
   Böyük səhnəyə XX əsrin əvvəllərində gələn, əslən şuşalı olan aktrisa Barat xanım Şəkinskaya on üç yaşından Gəncə qadınlar klubunun dram dərnəyində iştirak etmiş, 1933-cü ildən etibarən Bakı Türk İşçi Teatrının kollektivinin nəzdində fəaliyyət göstərmişdir. Səhnəmizin Cülyettası sayılan, romantik aktrisa Barat Şəkinskaya səhnədə son dərəcə zərif plastikası ilə hər kəsin qəlbini məftun etmişdir. Aktrisa həm də səhnəmizin ilk travest aktrisasıdır ki, birinci dəfə o, “Partizan Kostya” tamaşasında Kostya, “Ögey ana”da isə Napoleon obrazlarında çıxış etmişdir. Aktrisa Gəncədə və Akademik Milli Dram Teatrının səhnəsində maraqlı obrazlar qalereyası yaratmışdır.
   Akademik Milli Dram Teatrının səhnəsində aktrisa Cülyetta (“Romeo və Cülyetta”), Kardeliya (“Kral Lir”), Luiza (“Məkr və məhəbbət”), Xuraman (“Vaqif”), Dilşad (“Atayevlər ailəsi”), Əntiqə (“Əcəb işə düşdük”), Yetər (“Yağışdan çıxdıq, yağmura düşdük”) kimi dram, komediya və faciələrdə heyrətamiz obrazlar yaratmışdır.
   Aktrisa eyni zamanda “O olmasın, bu olsun” (Sənəm), “Görüş” (Şövkət) kimi filmlərdə özünəməxsus obrazlar yaratmışdır. O, 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.
   Məlik Dadaşovun baxışlarındakı amiranəlik, güc, qəzəb, nifrət hissləri müxtəlif xarakterli obrazların yaranmasında aktyorun köməyinə gəlmişdir.
   Aktyor “Dəli Kür”də Molla Sadıq, “Fəryad”da Aram Xaçaturyan, “Axırıncı aşırım”da Qəmlo obrazlarını yaratmışdır.
   Səhnəmizdə özünəməxsus səs tembri ilə rəngarəng faciə rolları yaradan aktrisa Hökumə xanım Qurbanova 1913-cü ildə Bakı şəhərində anadan olub. Aktrisa təhsil aldığı illərdə “Almaz” filmində Yaxşı obrazında çıxış etmişdir.
   1938-ci ildən ömrünün sonunadək Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərən Hökumə Qurbanova həmin teatrın səhnəsində müxtəlif janrlarda rollar qalereyası yaradaraq, teatr salnaməmizi yaratdığı rolları ilə zənginləşdirmişdi. Aktrisa yaratdığı rolların xasiyyətindən tutmuş geyim tərzinə qədər ciddi yanaşmış, səhnədə yaradıcılıq zirvəsini fəth etmişdir. Teatrda aktrisa Xumar (“Şeyx Sənan”), Kleopatra (“Antoni və Kleopatra”), Solmaz (“Od gəlini”), Nataşa (“Şərqin səhəri”), Tamara (“Vaqif”), Həcər (“Qaçaq Nəbi”), Arzu (“İkinci səs”), Şəfəq (“Bahar suları”), İnci (“Xoşbəxtlər”), Bənövşə ( “Kəndçi qızı”) kimi obrazları silsiləsini yaratmışdır.
   Hökumə xanım Qurbanova eyni zamanda kino yaradıcılığı ilə də məşğul olmuş, “Bir ailə”də Leyla, “Onu bağışlamaq olarmı?”da Laçın, “Mən rəqs edəcəyəm”də Mahmudun anası, “İnsan məskən salır”da ana obrazını özünəməxsus tərzdə, incə cizgilərlə yaratmışdır. Aktrisa 1988-ci ildə Bakıda vəfat etmişdir.
   Qısa ömründə teatr səhnəmizdə möhtəşəm rollar yaratmış aktyor Hamlet Xanızadə Bakı şəhərində anadan olub. Akademik Milli Dram Teatrının səhnəsində aktyor Həsən Sabbah (“Xəyyam”), Nizami (“Atabəylər”), Antonio (“Fırtına”), Qacar (“Vaqif”), Keyts (“Qızıl”), Qaraçı oğlan (“Canlı meyit”) kimi rollarını yaratmışdır.
   Aktyor “Yeddi oğul istərəm”də Gizir, “Babək”də Xəlifə Mötəsim, “Arxadan vurulan zərbə”də İmaş obrazları ilə nadir ifaçılıq istedadını kinoda sübut etmişdir. H.Xanızadə 1990-cı ildə Bakı şəhərində vəfat etmişdir.
   Rejissor Ağakişi Kazımov daxilən romantik rejissor məktəbinə mənsubdur. Rejissor Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Müsibəti-Fəxrəddin”, “Toy”, Gənc Tamaşaçılar Teatrında “Rüstəm və Söhrab”, “Komsomol poeması”, Akademik Milli Dram Teatrının səhnəsində “Darıxma, ana!”, “Qəribə oğlan”, “Özümüzü kəsən qılınc” kimi tamaşalar hazırlamışdır.
   Məşhur aktyor Möhsün Sənani Tiflis şəhərində anadan olub. Uşaqkən şirin səsi olduğuna görə məhərrəmlik ayında şəbih tamaşalarında çıxış edən aktyor yaradıcılığa Tiflisdə azərbaycanlı həvəskarların oynadığı tamaşlarda iştirak etmiş, 1919-cu ildə Bakıya gələrək Milli Dram Teatrı səhnəsində fəaliyyətə başlamışdır.
   Teatrda aktyor İsgəndər (“Ölülər”), Yuri (“İki qardaş”), Nəbi (“Qaçaq Nəbi”), Eldar (“Vaqif”), Şərif (“Almaz”), Vano dayı (“Darıxma ana!”), Heydər bəy (“Hacı Qara”), Skapen (“Skapenin kələkləri”), Həsənağa (“Göz həkimi”) kimi obrazları özünəməxsus aktyorluq məharəti ilə yaratmışdır.
   O, 1981-ci ildə Bakıda vəfat etmişdir.
   
   Tamilla Yağmur,
   ADMİU-nun tələbsi