Rejissorlar Endryu Adams və Viki Censonun “DreamWorks” studiyasında Uilyam Steyqin eyniadlı uşaq kitabının motivləri əsasında çəkdikləri məşhur “Şrek” cizgi filmi kinosevərlər tərəfindən ən yaxşı uşaq filmi seçilib. “The Daily Telegraph” qeyd edir ki, sorğu 3 min yeniyetmə kino həvəskarı arasında keçirilib.
Tammetrajlı “Şrek” animasiya filmi ekranlara 2001-ci ildə çıxıb. Film bataqlıqdakı daxmasında yaşayan və dünyada sakitliyi hər şeydən üstün tutan nəhəng divdən danışır.

Lakin yerli hakim öz torpağında yaşayan bütün sehrli canlıları qanundankənar elan edərək onları Şrekin bataqlığına sürgün edəndən sonra nəhəng yaşıl divin tənhalığı və sakitliyindən əsər-əlamət qalmır. Şrek və Eddi Merfi kimi məşhur aktyorun səsləndirdiyi çoxdanışan Uzunqulaq sehrli canlıların əvvəlki yerlərinə qaytarılması ilə bağlı danışığa gedirlər.
Uşaqlar üçün ən yaxşı filmlər siyahısında ikinci yeri 2003-cü ildə ekrana çıxan “Karib dənizinin quldurları” filmi tutur. Bu filmdə əsas rolları Conni Depp, Orlando Blum və Kira Naytli kimi məşhur ulduzlar oynayırlar.

Üçüncü yerdə böyük okean riflərinin sakinlərinin həyatından danışan və “Pixar” studiyasında çəkilən “Nemonun axtarışında” cizgi filmi gəlir. Dördüncü yeri “Oyuncaqların hekayəsi” filmi tutur. İlk beşliyi Harri Potter barədə epopeyanın birinci hissəsi - “Harri Potter və fəlsəfə daşı” tamamlayır.