ABŞ Konqresinin məşhur “Cannon Caucus” zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə Konqresin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət nazirliklərinin və ABŞ-ın digər dövlət orqanlarının rəsmiləri, Vaşinqtondakı elmi-tədqiqat mərkəzlərinin aparıcı ekspertləri, Amerika şirkətlərinin vəzifəli şəxsləri, müxtəlif QHT-lərin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
   Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qonaqları salamlayaraq, Xalq Cümhuriyyətinin Azərbaycanın milli dövlətçilik tarixində rolundan danışıb.
   Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr, təbii ehtiyatlar və nəqliyyat komitələrinin üzvü, həmçinin “Azərbaycan üzrə İşçi Qrupu”n həmsədri Bill Şuster Xalq Cümhuriyyətinin böyük tarixi önəmini vurğulayaraq, Azərbaycan xalqını və hökumətini bayram münasibətilə təbrik edib.
   Sonra Vaşinqton şəhəri merinin şəxsi nümayəndəsi, meriyanın protokol idarəsinin rəisi Patrisia Elvud çıxış edərək, mer Adrian Fentinin Azərbaycan hökumətinə və xalqına ünvanladığı təbrik məktubunu oxuyub.
   Mərasimdə iştirakçılara Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar, “İRS” jurnalının Xalq Cümhuriyyətinin ildönümünə həsr olunmuş ingilisdilli nömrəsi, digər nəşrlər paylanb.