Məşhur astronom Qalileyo Qalileyin sağ əlinin orta barmağı «Haliley: antik dövrlərdən teleskopa qədər Kainatın təsviri» adlı sərginin əsas eksponatlarından biri olacaq. «The Daily Telegraph» qeyd edir ki, sərgi mart ayında Florensiyada açılacaq. Eksponat mərmər lövhəyə bərkidilmiş xüsusi yerə qoyulacaq və üstü büllur qapaqla örtüləcək. Fəzanın Qaliley tərəfindən ilk tədqiqatının 400 illiyinə həsr olunan sərgidə onun barmağından əlavə, 250 eksponat da nümayiş etdiriləcək. Alimin barmağını 1737-ci ildə onun qəbrini Florensiya kilsəsinin mavzoleyinə köçürən zaman götürüblər. Maraqlıdır ki, Qalileyin qəbri növbəti dəfə açıla bilər. Bəzi britaniyalı və italiyalı alimlər onun anadangəlmə görmə zəifliyindən əziyyət çəkdiyini bildirərək, müasir analizlər vasitəsilə bu versiyanı yoxlamaq istəyirlər. Onların fikrincə, Qaliley 1610-cu ildə Saturnu müşahidə edən zaman məhz bu səbəbdən planetin həlqələrini görə bilməyib və onları «hansısa ləkə» adlandırıb.