Parisdə «Sezar» kinematoqorafiya mükafatının təqdimetmə mərasimi keçirilib. Bu barədə «France Presse» agentliyi məlumat yayıb. Kinomərasimin ən yaxşı filmi rejissor Martin Provonun «Serafin» (Seraphine) filmi sayılıb. Bu film ümumilikdə yeddi «Sezar» mükafatı qazanıb: ən yaxşı qadın aktrisası (İolanda Moro), ən yaxşı ssenari, ən yaxşı operator işi, ən yaxşı saundtrek, eləcə də ən yaxşı dekorasiya və ən yaxşı aktyor kostyumları nominasiyalarında.
   
   Ən yaxşı kişi aktyoru nominasiyasında rejissor Jan-Fransua Rişenin «Bir nömrəli xalq düşməni» («Public Enemy Number One") filmində baş rolu oynayan Vensan Kassel qalib gəlib. Öz növbəsində Jan-Fransua Rişe ən yaxşı rejissor nominasiyasının qalibi olub. Ən yaxşı xarici film nominyasiyasında rejissor Ari Folmanın «Bəşirlə vals» filmi qələbə qazanıb. Xatırladaq ki, «Bəşirlə vals» bundan əvvəl «Oskar» mükafatına namizəd göstərilmişdi. Amerikalı aktyor Dastin Hoffman isə kinematoqrafiyaya verdiyi töhfəyə görə Fransa Kinematoqrafiya Mədəniyyəti Akademiyasının xüsusi mükafatına layiq görülüb.
   Qeyd edək ki, Fransanın «Sezar» milli kino mükafatı 1975-ci ildən təqdim olunur. Builki təqdimetmə mərasimi Parisdəki Şatl teatrında keçirilib.