ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərinin məhkəməsi Hollivudun 22 yaşlı aktrisası Lindsey Lohanın həbsinə order verib. Bu barədə «Associated Press» agentliyi məlumat yayıb.
   Polis bildirir ki, həbs qərarının çıxarılması Lohanın 2007-ci ildə kefli vəziyyətdə nəqliyyat idarə etməsi ilə bağlıdır. O zaman aktrisanın idarə etdiyi «Mercedes» avtomobili ağaca çırpılmışdı və onun barəsində 3 il şərti həbs cəzası kəsilmişdi.
   Lohan həbsdən yayınmaq üçün 50 min dollar girov ödəməlidir. Lakin hələlik nə onun vəkillərindən, nə də aktrisanın özündən bununla bağlı şərh almaq mümkün olmayıb.
   Lohan 2007-ci ildə məhkəmədə çıxışı zamanı özünü nəqliyyat vasitəsini ehtiyatsız, sərxoş vəziyyətdə idarə etməkdə və narkotik vasitə qəbul etməkdə günahkar bilib. O, 84 dəqiqə həbsxanada yatıb. Lohan bundan sonra ictimai işlərdə iştirak etməli və narkotik asılılıqdan xilas olmaq üçün müalicə olunmalıymış. Aktrisa o zaman etiraf edib ki, alkoqol və narkotiklər səbəbindən həyatı idarəedilməz vəziyyətə gəlib.