Böyük Britaniyanın Kent qraflığında yerləşən «Tom Thumb Theatre» auksionda 130 min funt-sterlinqə (191 min dollar) satılıb. «The Telegraph» qəzeti qeyd edir ki, bu teatrın binası dünyanın ən kiçik teatr binası sayılır. Binaya cəmi 60 nəfər yerləşir.
   Sonuncu dəfə «Tom Thumb Theatre»də 2005-ci ildə tamaşa göstərilib. Teatrda Oskar Uayldın «Ciddi olmaq nə qədər vacibdir» komediyasını nümayiş etdiriblər. Teatrı «Z Cars», «Grange Hill», «Heartbeat» və «The Bill» seriallarında çəkilən aktrisa Frenki Cordan alıb. O, dostlarının və qohumlarının köməyi ilə binadan yerli teatr kimi istifadə etmək, eləcə də orada konsertlər və mühazirələr təşkil etmək niyyətindədir.
   «Tom Thumb Theatre» Marqeyt dənizkənarı kurort şəhərində yerləşir. 1896-cı ildə tikilən binadan əvvəlcə karetalar üçün anbar kimi istifadə edirmişlər. Sonra binanı qaraja çeviriblər. 1980-ci illərdən etibarən isə ondan teatr kimi istifadə olunub.