Avtoyürüşün təşkilində məqsəd iştirakçıları Azərbaycanın təbiəti, adət-ənənələri və mədəniyyəti ilə tanış etməkdir
   
   İyulun 16-da Sankt-Peterburqda Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr edilmiş Beynəlxalq “Rusiya-Azərbaycan dostluğu avtoyürüşü” start götürəcək.
   
   Təşkilatçılardan biri olan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından (RAGT) bildiriblər ki, avtoyürüş Sankt-Peterburq-Moskva-Novoçerkassk-Rostov-Don-Budyonnovsk-Bakı- Mingəçevir marşrutu üzrə keçiriləcək. “Naviqator” avtoturizm klubu, Rusiyanın Şimal paytaxtının “Otkrıtaya Zemlya” ictimai-turizm klubu yürüşün təşkilatçılarındandır.
   Avtoyürüş Sankt-Peterburq Administrasiyasının, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə keçiriləcək.
   Beynəlxalq yürüşdə Rusiyanın müxtəlif regionlarından 50-dən çox avtomobil iştirak edəcək. Bütün nəqliyyat vasitələrinə Rusiya Federasiyasının, Azərbaycanın, RAGT və sözügedən turizm klublarının bayraqları sancılacaq.
   Yürüş çərçivəsində iştirakçılar üçün RAGT-nin Kuboku uğrunda yarışlar təşkil ediləcək. Marşrutun keçdiyi hər bir şəhərdə iştirakçıları yerli administrasiyanın, RAGT-nin regional bölmələrinin və avtoklubların nümayəndələri qarşılayacaqlar.
   Rostov vilayətinin Taqanroq şəhərində məşəlli yürüş təşkil ediləcək, Sambek yüksəkliyində 1980-ci il mayın 7-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmış Şöhrət memorialının qarşısına çiçəklər qoyulacaq.
   Abidənin müəllifləri bakılı heykəltəraş E.Şamilov, Rostov memarları V.Qriqor və İ.Qriqordur. Sambek kəndi yaxınlığında döyüş şöhrəti abidəsi 130-cu və 416-cı Azərbaycan atıcı diviziyalarının uzun sürən və qanlı döyüşlərdən sonra almanların güclü müdafiəsini yarıb Taqanroqu azad etmiş əsgərlərinin xatirəsinə ucaldılıb.
   Novoçerkasskda kütləvi mədəni tədbirlər, maşın yarışmaları, Mingəçevirdə isə Böyük Vətən müharibəsi veteranları ilə görüş təşkil ediləcək.
   RAGT-nin əsas fəaliyyət məqsədlərindən biri Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə uğurlu inteqrasiyasına kömək etmək, habelə Azərbaycanın zəngin mədəniyyətini və adət-ənənələrini qoruyub saxlamaqdır.
   Avtoyürüşü təşkil etməklə təşkilatçılar xalqlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı anlaşma münasibətlərini möhkəmləndirmək, iştirakçıları Azərbaycanın təbiəti, adət-ənənələri və mədəniyyəti ilə tanış etmək niyyətindədirlər. İki ölkənin mənzərəli guşələrindən keçəcək yürüş iştirakçıları geniş ekskursiya proqramında iştirak edəcəklər.