Amerika kinoakademiyasının idarəçilər şurası yeni prezident seçib. Rəsmi press-relizdə bildirilir ki, bu postda Sid Qeynisi prodüser Tom Şirak əvəz edib. Qeynis dalbadal 4 il bu postu tutub. Qeyd edək ki, kinoakademiyanın qanunlarına görə, bir nəfər 4 ildən artıq həmin postda qala bilməz.
   Birinci vitse-prezident postuna məşhur aktyor, akademiyanın aktyor şöbəsinin rəhbəri Tom Henks təyin edilib. Bundan əlavə, prodüser Ketlin Kennedi və ssenarist Fil Robinson müavin postlarını tutublar. Animator Con Lasseter isə kinoakademiyanın katibi seçilib.
   Yeni prezidentin ilk vəzifəsi «Oskar» mükafatının növbəti təqdimetmə mərasiminin prodüserlərinin seçilməsi olacaq. «Oskar» mükafatının təqdimetmə mərasimi kinoakademiyanın əsas gəlir mənbəyidir. Qeyd edək ki, son illər mərasimin reytinqi get-gedə aşağı düşür. Yeganə istisna 2009-cu ildə baş verib. Lourens Mark və Bill Kondinin hazırladığı, Xyu Cekmanın isə aparıcı olduğu təqdimetmə mərasiminin reytinqi ötən ilin analoji göstəricisi ilə müqayisədə 13 faiz artıb.
   Xatırladaq ki, «Oskar»ın 82-ci təqdimetmə mərasimi 2010-cu il martın 10-da keçiriləcək.