Məşhur Hollivud aktyoru Brüs Uils «MTV News»a müsahibəsində etiraf edib ki, Silvestr Stallonenin çəkdiyi «The Expendables» filminin aktyor heyətinə qoşulmağa hazırlaşır.
   Uils hələlik film barəsində heç nə bilmədiyini də vurğulayıb: «Mən hələlik personajım barəsində heç nə bilmirəm. Çünki filmin ssenarisinin bir səhifəsini belə görməmişəm. Amma mən səbirsizliklə çəkiliş meydanında olacağım günü gözləyirəm». Aktyor qeyd edib ki, onun canlandıracağı qəhrəman Kaliforniya qubernatoru Arnold Şvartsnegger və Stallonenin özü ilə bir epizodda səhnəyə çıxmalıdır: «Mən Slayın (Silvestr Stallonenin) zəngini gözləyirəm. O, nə zaman çəkilişə başlayacağımızı xəbər verəcək».
   Xatırladaq ki, Stallonenin «The Expendables» filminə Dolf Lundqren, Erik Roberts, Mikki Rurk, Cet Li, Ceyson Steytem və digər məşhur aktyorlar cəlb olunub. Filmin süjeti Latın Amerikası ölkələrindən birində diktatoru devirən muzdlu əsgərlər ətrafında cərəyan edir. Artıq filmin çəkilişləri başlayıb. Çəkilişlər Braziliyada və Luiziana ştatında aparılır.
   Bundan əvvəl Stallonenin filmi trilogiya şəklində çəkməyə hazırlaşdığı bildirilirdi. «İşlənməli materiallar» kimi tərcümə edilən filmin adından görünür ki, heç də bütün qəhrəmanlar sona qədər sağ qalmayacaqlar. Bu da Stalloneyə birinci filmə dəvət edə bilmədiyi aktyorları ikinci filmdə çəkməyə imkan verəcək. Söhbət Ceki Çan, Kurt Rassel və Jan-Klod Van Damm kimi aktyorlardan gedir.
   «The Expendables» prokata 2010-cu ilin aprelində çıxacaq.