Pop kralı Maykl Ceksonun rəssam Endi Uorxol tərəfindən çəkilən portreti Nyu-York auksionunda satılıb. Amma portretə auksion təşkilatçılarının nəzərdə tutduğundan qat-qat aşağı məbləğ ödənilib.
   «France Presse» agentliyinin məlumatına görə, təşkilatçılar Uorxolun əl işinə təxminən 10 milyon dollar veriləcəyini güman edirmişlər. Amma auksiondan sonra yayılan rəsmi açıqlamada qeyd edilir ki, «Maykl Ceksonun portretinə görə 1 milyondan bir az artıq məbləğ ödənilib». «Vered Gallery» auksionunun təşkilatçıları onu da qeyd ediblər ki, alqı-satqının dəqiq məbləği və portretin yeni sahibinin adı gizli saxlanılacaq.
   Qeyd edək ki, auksiondan dərhal sonra informasiya agentlikləri yanlış məlumat yayıblar. Onların məlumatında portretə ilkin olaraq 800 min dollar qiymət qoyulduğu və onun bir neçə milyon dollara satıldığı bildirilirdi.
   Endi Uorxol Maykl Ceksonun portretini 1984-cü ildə çəkib. Portretin bundan öncəki sahibi onu 2009-cu ilin mayında «Sothebys» auksionunda 278,5 min dollara alıb. Ceksonun bu il iyunun 25-də qəfil vəfatından sonra ona bütün dünyada maraq artıb və portretin sahibi bu məqamdan istifadə edərək varlanmaq qərarına gəlib.