Dünyaşöhrətli bəstəkar Motsartın müəmmalı ölümü barədə indiyədək davam edən fərziyyələr bitib-tükənmək bilmir. Bəziləri onun bəstəkar dostu Salyeri tərəfindən zəhərlənərək öldürüldüyünü bildirir. Bəziləri isə 600 dən artıq əsər yazmış bəstəkarın özünü ölümcül dərəcədə yorduğunu və məhz bunun nəticəsində öldüyünü güman edirlər. Bir sıra tədqiqatçılar isə Motsartın vərəm, yaxud sifilis və ya digər bu kimi xəstəliklərdən ölməsi versiyasını irəli sürürlər. Lakin bu günədək dahi musiqiçinin ölümü barədə əsl həqiqət qara dumanlar arxasında qalmaqdadır.
   1791-ci ildə 35 yaşında vəfat etmiş Motsartın yoluxucu bakterial xəstəlikdən ölməsi faktı daha inandırıcı görünür. Mütəxəssislərin rəyinə görə bəstəkar tez-tez kəskin boğaz ağrılarından əziyyət çəkirmiş. Deməli, onda streptokok mənşəli yoluxucu xəstəliyin olması mümkün imiş. Mütəxəssislər bu xəstəliyin Motsartın böyrəklərini sıradan çıxartması fikrini də istina etmirlər. Bəstəkarın yaxınlarının xatirələrinə görə son vaxtlar Motsartın bədənində nəzərəçarpacaq şişginliyin əmələ gəlməsi də onun məhz infeksion xəstəliyə tutulmasının əlaməti olmuşdur. Bu həmin vaxt idi ki, dünyaşöhrətli bəstəkar məşhur “Rekviyem”ini bəstələyirmiş. Məlum olduğu kimi bu əsər Motsartın son əsəri olub.