Məşhur “Troya” filminin qadın qəhrəmanı, super ulduz aktrisa Dayan Kryuger adətən qadınların nişan üzüyü taxdıqları barmağına yeni bir üzük taxıb. Belə bir yenilik aktrisanın pərəstişkarlarını çaşdırıb. Onlar Dayanın çoxdan bir yerdə olduqları kişi dostu Coşua Ceksonla nişanlandığı barədə şayiələr yaymağa başlayıblar. Aktrisanın özü isə hələlik bu barədə susmağa üstünlük verib. Maraqlıdır ki, jurnalistlər Dayanın mətbuat katibindən də bu barədə heç bir şey öyrənə bilməyiblər.
   Deyilənlərə görə, Dayan Kryugerlə Coşua Cekson 2006-ci ildən görüşürlər.Əvvəllər aktrisanın aktyor Gilomom Kane ilə nikahda olduğu bildirilir. Bu yaxınlarda keçirdiyi mətbuat konfransında Dayan Kryuger bundan sonra heç kəslə rəsmi izdivaca girməyəcəyini söyləyib. O, bunu əvvəlki nikahının uğursuzluğu və bundan sonra ərə getmək istəmədiyi ilə əlaqələndirib. O bu barədə danışarkən deyib: “Məni nikah maraqlandırmır, mən istəyirəm ki, uşağım olsun. Bundan ötrü lazımsız bir kağız parçasına imza atmaq eləmi vacibdir? Axı, heç bir kağız və ona atılmış imza kəbini uzunömürlü etmir”.
   Coşua ilə gələcək əlaqələrinə gəldikdə isə aktrisa belə deyib: - “Əgər biz 60 il bir yerdə yaşasaydıq mən Coşuaya ərə getməyə razılıq verərdim. Bax, məhz o zaman “ömür yoldaşı” ifadəsi yerinə düşərdi”.