İtaliyadakı mədəniyyət mərkəzlərindən birinin rəhbərliyi ilə sentyabrın 1-də - İkinci Dünya müharibəsinin başlanmasının 70 illiyi ilə bağlı sərgi təşkil etmək istəyən qurum arasında konflikt yaranıb. Konfliktə səbəb gözlənilən sərginin ekspozisiyaları sırasında nasizmə qalib gəlmək üçün üçüncü dünya ölkələrindən olan müttəfiqlərin də iştirakını əks etdirən stendlərin yerləşdirilməsi olub. Rəhbərlik üçüncü dünya ölkələri sırasında antifaşistlərlə yanaşı, nasizmi müdafiə edən qüvvələrin də, o cümlədən bəzi ərəb ölkələrinin də olduğunu bildiriblər. Buna sübut olaraq “Fələstin lideri və hərbi cani” adlandırılan stenddə Henrix Himmlerin Fələstin nümayəndəsi Həşa Əmin əl Hüseyniyə qruppenfürer rütbəsi təqdim etməsini əks etdirən səhnə olub. Stendin altında yazılmış məlumatdan aydın olur ki, Hüseyn adlı bu adam hələ 1937-ci ildə ərəb torpaqlarını yəhudilərdən təmizləməyə çağırıb. Daha sonralar isə Bosniya müsəlmanlarının Vaffen-SS dəstəsinə cəlb olunması üçün fəaliyyət göstərib. Verkstatt der Kulturen Mədəniyyət mərkəzinin direktoru Filippa Ebene stendlərin dərhal yığışdırılmasını tələb edib. Sözügedən ekspozisiyanın yaradıcısı Beynəlxalq Araşdırmalar Birliyinin nümayəndəsi Karl Rassel isə bunu senzura adlandıraraq müdiriyyətə tabe olmaq istəməyib. Yaranmış münaqişə nəticəsində sərgi muzeyin Uferhallen salonuna köçürülüb. Öz növbəsində Berlin Bələdiyyəsinin rəhbərliyi də muzey direktorunun bu hərəkətini dəstəklədiyini bildirib. Bələdiyyə üzvləri qeyd ediblər ki, münaqişəyə səbəb olmuş stenddə ərəblərin nasizmə qarşı mübarizəsi öz əksini tapmayıb.