Bugünlərdə Amerika Kino Akademiyası ən yaxşı kinofilmlər üçün təsis edilmiş məşhur “Oskar” mükafatının təqdimatı ilə bağlı qərar qəbul edib. Adıçəkilən qurumun münsiflər heyəti bildirib ki, “Oskar”a təqdim olunacaq kinofilmlər 10 ballıq şkala üzrə qiymətləndiriləcəkdir. Bununla yanaşı, bu mükafata təqdim olunacaq kinofilmlərin sayının da 5-dən 10-na çatdırılacağı qərara alınıb. Həmin qərara əsasən bundan sonra bu mükafat təkcə bədii film nominaslyası üzrə deyil, həm də xarici dillərdə olan, sənədli və animasiya filmlərinə də şamil ediləcəkdir. Xatırladaq ki, “Oskar-2009”un təqdimetmə mərasimi 2010-cu il mart ayının 7-də keçiriləcək. Mükafat alacaq namizədlərin siyahısı isə münsiflər heyətinin üzvlərinə bu il dekabr ayının 28-nə kimi təqdim ediləcəkdir. Səsvermə prosesi gələn il yanvarın 23-də başa çatacaq. Namizədlərin siyahısı isə gələn il fevralın 2-də elan olunacaq.